O vaxtlar mənim cəmi iyirmi dörd yaşım vardı. Həyatım elə onda da fərəhsiz, səliqəsiz adamayovuşmaz dərəcədə tənha idi. Mən heç kəslə dostluq etmirdim, hətta söhbətdən belə yayınırdım və get-gedə daha çox öz bucağıma çəkilirdim. Qulluqda, dəftərxanada hətta kiməsə baxmaqdan belə çəkinirdim və çox yaxşı görürdüm ki, iş yoldaşlarım məni nəinki qəribə adam hesab edirlər, hətta - daim mənə belə gəlirdi - sanki mənə ikrah hissilə baxırdılar. Ağlıma belə bir sual düşmüşdü: nədən məndən savayı heç kəsə elə gəlmir ki, ona ikrah hissilə baxırlar? Bizim dəftərxana yoldaşlarımızdan birinin iyrənc, olduqca çopur və hətta quldura oxşayan sifəti vardı. Mən, yəqin ki, bu cür murdar sifətlə heç kəsə baxmağa belə cəsarət etməzdim. Başqa birisinin vismundiri o dərəcədə nimdaş idi ki, iyindən ona yaxın durmaq olmurdu. Amma bununla belə, bu cənablardan heç biri xəcalət çəkmirdi - nə paltar sarıdan, nə sifət sarıdan, nə də mənəvi cəhətdən. Nə birinin, nə digərinin ağlına belə gəlmirdi ki, onlara ikrah hissi ilə baxırlar; bir də ki, lap elə gəlsəydi də, onlar üçün heç bir təfavütü olmazdı, təki müdriyyət ikrah hissilə baxmasın.

Теги других блогов: tənha dostluq ikrah hissi