Bizlər istənilən mövzu ətrafında ətraflı fikirlər yürütdüyümüz halda, ölüm barədə söhbətdən kənar ötməyimiz, ona ötəri yanaşmağımız məni həmişə heyran edib. Ölüm ya səadət, ya da müsibətdir. Mən ondan qorxuram, ya da arzulayıram. Amma bu bir daha sübut edir ki, sadə olan hər şey izahsızdır. Göy rəng nədir və onun barəsində nə düşünə bilərsən? Bax, elə ölüm də bizi bu cür kor dalana gətirib çıxarır. Biz ölüm və rənglər barədə mülahizə yürüdə bilmirik. Lakin qarşımda uzanan, torpaq qədər ağır olan ölüdən vacib nə ola bilər, - axı bu mənim gələcəyimdir. Amma mən bu gələcək barədə gerçəkdən düşünə bilirəmmi? Öz-özümə deyirəm: mən ölməliyəm. Amma bu, heç bir anlama gəlmir, axı mən bu gerçəyə inanmaq iqtidarında deyiləm və mən yalnız başqalarının ölümünün şahidi ola bilərəm. Mən insanların necə öldüyünü görmüşəm. İtlərin də tələf olmasının dəfələrlə şahidi olmuşam. Onlara toxunmağım belə, məni sarsıdıb. Həmin dəqiqələrdə güllər, təbəssüm, arzuladığım qadınlar barədə düşünürəm və anlayıram ki, ölüm qarşısında dəhşətimin kökündə həyata qısqanc sevgim durur. Mən yoxluğumdan sonra yaşayanları və onların həyatında mövcud olan gülləri, qadınları qısqanıram. Mən paxılam, çünki həyatı çox sevirəm, xudbinliyim də bundan irəli gəlir. Cəhənnəm olsun əbədiyyət! Bəlkə, gözəl günlərin birində bu sözləri eşidə bilərəm: "Güclü insansınız, ona görə də sizinlən açıq danışmalıyam: tezliklə öləcəksiniz". Və beləcə təlaş içərisində həyatdan yapışaraq yerində uzanacaq, mənasız baxışlarını boşluğa dikərək bütün vücudunla qorxunun altında əziləcəksən. Bununla müqayisədə yerdə qalanlar nədir ki?! Bu düşüncələr qanımı gicgahıma qovur və mən ətrafı darmadağın etməyə hazıram. Lakin insanlar özlərinə, talelərini bəzədikləri hər şeyə rəğmən ölürlər. Onlara deyirlər: "Sən sağalanda..." - onlarsa ölürlər. 📚 Albert Camus - Hə ilə Yox arasında | Entre Oui Et Non 📜 Albert Kamyunun "Hə ilə Yox arasında" adlı kitabına esse (Problemi sərbəst şəkildə şərh edən kiçik həcmli əsər) və hekayələri daxil edilib. Oxucu bu esse və hekayələrdə yazıçının tənqidi baxışlarıyla yanaşı, ustalıqla təsvir edilmiş təbiətlə insan təması, istənilən müharibəyə, istilaya olan nifrət və sözsüz ki, ekzistensialist fəlsəfəylə rastlaşacaq.

Теги других блогов: Albert Kamyu Hə ilə Yox arasında ölüm